Qərbin İranla münasibətlərinin normallaşması Azərbaycanın risklərini azaldır. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov belə hesab edir.
“Azərbaycanın bədxahları, ilk növbədə Ermənistan belə bəyanatlar verirlər ki, Qərblə İranın münasibətlərinin yaxşılaşması ilə Azərbaycanın geosiyasi əhəmiyyəti azalacaq. Mənim fikrimcə, bu cür rəylər tamamilə əsassızdır və spekulyasiya xarakteri daşıyır”, - deyə R.Musabəyov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib. O hesab edir ki, Qərblə İran arasında münasibətlərin istiləşməsi İranla qonşuluqda yerləşməsi ilə əlaqədar Azərbaycan üçün yaranacaq riskləri aradan qaldırır.
“Əksinə, Qərbin İranla münasibətlərinin normallaşması, ilk növbədə Azərbaycan üçün çox təhlükəli riskləri aradan qaldıracaq. ABŞ və İsrailin İranla münasibətlərində gərginlik İrana zərbə vurulmasına gətirib çıxara bilərdi”,- deyə politoloq qeyd edib.
O deyib ki, bu cür risklərin gündəmdən qalxması Bakı üçün müsbət hal sayılır.
“Ən azından, gündəmdən bu risklərin qalxması (zərbələrin endirilməsi - İF-Az) Azərbaycan üçün böyük müsbət haldır. Baxmayaraq ki, Azərbaycan dəfələrlə bəyan edib ki, ölkə ərazisindən İrana qarşı hər hansı düşmənçilik məqsədləri ilə istifadə olunmasına icazə verilməyəcək, bununla belə İranın molla rejimi Bakıya böyük ehtiyatla yanaşırdı. Onlar Bakının bu cür bəyanatlar verməsinə baxmayaraq, Azərbaycan ərazisindən hər hansı təhlükənin mümkün ola biləcəyini ehtimal edirdilər”,- deyə o qeyd edib.
Digər tərəfdən, Qərb tərəfindən tətbiq ediləcək mükün tədbirlər nəticəsində Azərbaycan İrandan gələcək qaçqınlarla bağlı humanitar və kommunikasiya problemləri ilə üzləşə bilərdi.
“Biz Naxçıvanla əlaqələrimizi İran vasitəsi ilə həyata keçiririk, həmçinin Fars körfəzinə çıxış əldə edirik. Bütün bunlar pozula və böyük ləngimələrə səbəb ola bilərdi. Üstəlik, artıq qeyd etdiyim kimi, İran rəhbərliyi Azərbaycanla münasibətlərdə ehtiyatlı davranırdı. Bu, mənfi xüsusiyyətdir. İndi bu da aradan qalxır”, - deyə o bildirib.
Deputat qeyd edib ki, Tehranın üzərindən sanksiyalar götürüldükdən sonra İrəvanla müqayisədə Bakının iqtisadi münasibətlərin inkişafı üçün daha böyük potensialı var.
“Nəhayət, İranın üzərindən sanksiyalar götürüldükdən sonra Ermənistandan fərqli olaraq Azərbaycanın qarşılıqlı faydalı iqtisadi münasibətləri artırmaq imkanı və potensialı meydana gələcək. Bütövlükdə resurs bazamıza nəzər salsaq, heç zaman özümüzü İran və ya Rusiyanın rəqibi kimi göstərməmişik. Hətta hər zaman Rusiya ilə münasibətləri əməkdaşlıq zəminində qurmuşuq, İranla da enerji sahəsində bu cür əlaqələr qurmağa hazırıq”, - deyə R.Musabəyov vurğulayıb.
“Deyək ki, neft və qaz hasilatı sahəsində təcrübəmiz İranla müqayisədə çoxdur. Şirkətimiz (ARDNŞ - SOCAR - İF-Az) artıq öz təcrübəsi, texnologiyaları və kapitalı ilə İran ərazisində fəaliyyət göstərməyə hazır olduğunu bəyan edir. İranın enerji resurslarının Avropa bazarlarına çatdırılması üçün zəruri infrastrukturu, həmçinin Türkiyə ərazisində inşa etdiyimiz infrastrukturu İrana təqdim etməyə hazırıq”, - deyə deputat əlavə edib.
Bundan başqa, R.Musabəyov qeyd edib ki, İran Azərbaycan üçün yad ölkə deyil, burada 20 mln.-dan artıq azərbaycanlı yaşayır və xalqlar arasında dil və mədəni əngəllərin olmaması Azərbaycanda qeyri-neft sektoru və digər sahələrin inkişafına təsir edə bilər.
F.İsazadə