ABŞ-ın Azərbaycandakı səfirliyi USAID təşkilatının Ermənistandakı missiyasının rəhbəri Karen Hillardın Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin sədri Artur Sakuntsuya məktubunun saxta olduğunu bildirib.
“Bu məktub açıq aşkar saxtadır. ABŞ Cənubi Qafqaz regionunda çiçəklənmə və sabitliyə kömək göstərməyə sadiqdir ki, bu da regiondakı hər ölkənin maraqlarına daxildir. Bizim siyasətimiz, fəaliyyətimiz və tərəfdaşlarımızla əməkdaşlığımız bu öhdəliyi əks etdirir”, - deyə ABŞ-ın Bakıdakı səfirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
ridus.ru portalında dərc edilmiş “məktubda” İrəvanda vətəndaşların etiraz fəallığının əhəmiyyətli dərəcədə azalmasından narahatlıq ifadə olunub. “Sizin erməni ictimaiyyətinin öz maraqlarını müdafiə etməyə hazır olmasına dair bizi əmin etmənizə baxmayaraq, biz etirazçıların sayında azalma müşahidə edirik, eyni zamanda, sərt, güzəştsiz ritorikadan hökumətlə dialoqa keçid, həmçinin siyasi tələblərdən imtina edildiyini görürük. Aydındır ki, sizə təqdim edilmiş resurslardan adekvat şəkildə istifadə edə bilməmisiniz. Sizin fəaliyyətinizin nəticələrini zəif qiymətləndirmək olar. Layihənin əsas məqsədinə isə nail olunmayıb”, - deyə müəllifinin K.Hillard olduğu bildirilən məktubda qeyd edilir.
Məktuba əsasən, K.Hillard “əvvəllər qoyulmuş məqsədlər üzrə işi dayandırmağı yolverilməz hesab edir, çünki bu, Azərbaycanda nəzərdə tutulmuş tədbirlərlə koordinasiyanı poza bilər. Materialın müəllifləri K.Hillardın xalq etirazının hər bir formasının fəallaşması üçün maksimum səy göstərməyə çağırdığını bildiriblər, “çünki bu layihə bizim yaxın zaman üçün regional strategiyamızın təməl daşıdır və sizin bundan sonrakı fəaliyyətiniz bizim əməkdaşlığımızın gələcək formatını məyyənləşdirəcək”.
F.İsazadə