Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi Almaniya şirkətləri ilə heyvandarlıq sahəsində əməkdaşlıqda maraqlıdır. Bu barədə nazirlikdən məlumat verilib.
Kənd təsərrüfatı naziri Heydər Əsədov Almaniyanın "Haller" şirkətinin rəhbəri Kai Uve Haller ilə Azərbaycana damazlıq heyvanların tədarükü, heyvandarlıqda müasir tələblərə cavab verən yeni texnologiya və avadanlıqların tətbiqi məsələlərini müzakirə ediblər.
Görüşdə H.Əsədov Almaniya şirkətləri ilə heyvandarlıq sahəsində də əməkdaşlığa önəm verildiyini qeyd edib. K.U.Haller isə şirkətin damazlıq heyvanların satışı istiqamətində ixtisaslaşdığını nazirin diqqətinə çatdırıb.
Şirkətin rəhbəri, həmçinin “Haller”in Avropanın ən müasir avadanlıqlarına malik olduğunu, damazlıq heyvanların xüsusi nəqliyyat vasitəsi ilə daşıınması, cins heyvanların saxlanması və bəslənməsi ilə bağlı informasiya məsləhət xidmətinin göstərdiyini qeyd edib.
Bundan başqa, K.U.Hallerin sözlərinə görə, şirkət heyvandarlıq komplekslərinin tikintisi ilə bağlı bir sıra layihələr həyata keçirib.
"Haller" şirkətinin icraçı direktoru Dirk Oliver Haller təqdimatında layihələrin maliyyələşdirilməsi, həmçinin südlük və ətlik istiqamətində damazlıq heyvanların keyfiyyət göstəriciləri, Avropanın müasir ferma və süd emalı müəssisələri barədə geniş məlumat verib.
N.Abbasova