Azərbaycan Rusiya Federasiyasındakı səfirliyi vasitəsilə “Gecə qurdları” baykerlər qrupunun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər planları barədə məsələni araşdırır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
Xatırladaq ki, KİV-lər iyulun 31-də rusiyalı motosikletçilərdən ibarət qrupun Azərbaycanın işğal olunmuş ərazilərinə nəzərdə tutulan səfəri ilə bağlı məlumat yayıblar.
H.Hacıyevin çərşənbə axşamı verdiyi bəyanatda bildirilir ki, işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” Qanunu və Miqrasiya Məcəlləsinin pozulmasıdır.
“Bu kimi əməllər eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə, Ermənistanın işğalı nəticəsində qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərə qarşı hörmətsizlikdir. Ermənistan və erməni lobbisinin təhriki və təsiri altında işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan xalqına qarşı törədilmiş işğal və qanlı etnik təmizləmənin təşviqinə xidmət edən bu kimi şəxslər daşıdıqları siyasi, hüquqi və mənəvi məsuliyyəti dərk etməlidirlər.
F.İsazadə