Gələn həftə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə Yunanıstan hökuməti arasında DESFA qaz operatorunun səhmlərinin 66% alınmasına dair sövdələşmənin başa çatdırılması məsələsi ilə bağlı danışıqların növbəti mərhələsi keçiriləcək. Bu barədə Yunanıstan mətbuatı ölkənin səmərəli yenidənqurma, ətraf mühit və energetika naziri Panos Skurletisə məlumat verir.
P.Skurletis qeyd edib ki, gələn həftə “görünür, DESFA-ya marağını itirməyən” SOCAR-ın nümayəndələri ilə görüşəcək.
Yunanıstan mətbuatının məlumatına əsasən, hazırda DESFA şirkətinin özəlləşdirilməsi üzrə 2 variant mövcuddur.
Birinci variant ödəniş üçün tələb olunan məbləği dəyişdirməklə DESFA-nın səhmlərinin 49%-nin SOCAR-a satışını nəzərdə tutur. İkinci variant DESFA-nın müsabiqədə müəyyən edilmiş 66% səhminin satışının başa çatdırılmasını nəzərdə tutur, lakin Yunanıstan hökuməti tərəfindən qazpaylayıcı şirkətin səhmlərinin 17%-nin alınmasına dair əlavə saziş olmalıdır. Beləliklə, DESFA-nın səhmlərinin 51%-i Yunanıstan tərəfində qalacaq.
Yunanıstan nəşrləri ümid edirlər ki, 2015-ci ilin avqust ayı ərzində bu sövdələşmənin gələcək taleyi ilə bağlı Azərbaycan tərəfinin reaksiyası məlum olacaq.
Daha əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayevə istinadən məlumat verilib ki, ARDNŞ Yunanıstanın DESFA qaz nəqli sistemi operatorunun səhmlərinin 66%-nin alınmasına dair sövdələşmədən imtina etmək niyyətində deyil. SOCAR-ın DESFA-nın səhmlərinin 66%-ni deyil, 49%-ni alması ilə bağlı sualı cavablandıran şirkət rəhbəri deyib ki, ARDNŞ DESFA-nın səhmlərinin 66%-nin alınması üzrə tenderin qalibi olub və qeyd edilən sayda səhmi almağa ümid edir.
2014-cü ilin noyabr ayında Avropa Komissiyası Yunanıstanın DESFA qaz nəqli sistemi operatorunun səhmlərinin 66%-nin SOCAR tərəfindən alınmasına dair sövdələşmənin Avropa İttifaqının reqlamentinə uyğunluğunu qiymətləndirmək üçün araşdırmalara başlayıb. 2015-ci ilin sonuna kimi Avropa Komissiyası bu məsələyə dair son qərarını verməlidir.
2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 2013-cü ilin dekabr ayında ARDNŞ ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.
ARDNŞ DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
DEPA və DESFA-nın satışı bu ölkənin özəlləşdirmə proqramının əsas bəndlərindən biri hesab olunur. Yunanıstan onların satışından 1,5 mlrd. avroya yaxın vəsait əldə etməyi nəzərdə tuturdu.
N.Abbasova