Təhsil Nazirliyi SABAH qruplarında təhsil alan tələbələr üçün ixtisasların siyahısını genişləndirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, növbəti tədris ilindən 7 baza ali təhsil müəssisəsinin sırasına daha 4-ü – Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası və Bakı Slavyan Universiteti də daxil olacaq.
Nazirlikdən bildirilib ki, ötən tədris ilində SABAH qruplarına qəbul 5 ixtisas qrupu üzrə aparılırdısa, indi onların sayı 6-ya çatdırılıb.
Yeni tədris ilində SABAH qruplarında ümumilikdə 1636 tələbə təhsil alacaq. Bunlardan 755 nəfəri ötən tədris ilində, qalan 881 nəfəri yeni qəbul olunanlardır.
Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilindən fəaliyyətə başlayıb. İlkin mərhələdə 7 ali təhsil müəssisəsində yaradılan SABAH qruplarında 39 ixtisas üzrə kadr hazırlığı aparıldığı halda cari ildə ixtisasların ümumi sayı 45 olacaq.
SABAH qruplarına xüsusi istedada malik tələbələr qəbul edilir .
A.Zeydullayeva