Ukrayna Xarici İşlər Nazirliyi xarici vətəndaşlara hökumətlə razılaşdırmadan Krıma səfər etməmək barədə xəbərdarlıq edib.
“Biz bütün ölkələrə müvəqqəti işğal olunmuş Krımın ərazisinə giriş və çıxış qaydalarına dair nota göndərmişik. Bu qaydalar 15 iyun 2014-cü il tarixində Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunub. Bütün xarici vətəndaşlar Ukrayna qanunvericilyinə, beynəlxalq hüquq normalarına riayət etməli və işğal olunmuş ərazilərə istənilən səfərləri Ukrayna hökuməti ilə razılaşdırmalıdırlar”, - deyə XİN-in nümayəndəsi Maryana Betsa çərşənbə günü Kiyevdə brifinqdə bildirib.
O qeyd edib ki, Fransa deputatlarından ibarət nümayəndə heyətinin Krıma səfərindən sonra Ukrayna XİN onlar barəsində məhdudiyyətlərin tətbiq edilməsi, xüsusilə Ukrayna ərazisinə səfərinə qadağa qoyulması xahişi ilə ölkənin Təhlükəsizlik Xidmətinə müraciət edib.