Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarındanistifadənin qarşısının alınması ilə əlaqədar yoxlamalara başlayıb. Bu barədə komitədən məlumat verilib.
“SMPDK genetik modifikasiya olunan bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılan kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunan bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə bir sıra zəruri tədbirlərin görülməsinə dair qərar qəbul edib”, - deyə məlumatda qeyd olunur.
SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən ticarət şəbəkələri, satış nöqtələri və bazarlardan 20 adda məhsuldan nümunə götürülərək laborator müayinə üçün komitənin Təcrübə - Sınaq Mərkəzinin (AzTest) GMO məhsulların sınağı laboratoriyasına təqdim edilib. Bu nümunələr 5 adda düyü, 2 adda soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur, arpa yarması, kartof çipsisi, sezar sousu, italyan ketçupu, badamlı və vaflili südlü şokolad məhsullarıdır.
“Artıq 4 adda düyü, 2 adda soya, qarğıdalı, qarğıdalı turşusu, yaşıl noxud, lobya, yemiş, qarpız, bulğur məhsullarından götürülən nümunələrin sınaqları başa çatıb. Sınaq nəticələrinə əsasən, adıçəkilən məhsulların tərkibində GMO aşkar edilməyib. Digər məhsulların sınağı isə davam edir”, - deyə məlumatda vurğulanır.
N.Abbasova