Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Fuad Rzayev Almaniyanın Hamburq, Berlin, Leypsiq şəhərlərində “Səhiyyədə iqtisadi kooperasiya” mövzusunda tədris-təcrübə kursu keçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
F.Rzayev Almaniyada səhiyyənin strukturu, idarə edilməsi ilə yanaşı, tibb və biologiyada elmi tədqiqatların yerinə yetirilməsində istifadə olunan yeni və müasir optik avadanlıq və cihazların quruluşu, üstünlükləri, imkanları və iş prinsiplərini öyrənib.
Nəzəri dərslər Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) sifarişi əsasında “Akademie İnternational” tədris mərkəzinin dəvət etdiyi yüksək ixtisaslı lektorlar tərəfindən aparılıb.
Azərbaycanlı alim Almaniyada tibbi, bioloji cihaz və avadanlığın istehsalı ilə məşğul olan və dünya bazarında yaxşı tanınan “Philips Medical Systems”, “Olympus Surgical Technologies Europe”, “Karl Storz GmbH & Co. KG” və digər bu kimi brendlərin zavodlarında olub.
Bundan başqa, o, bir sıra klinikalarda bu avadanlıqların iş prinsipi ilə tanış olub.
Kursun sonunda F.Rzayev imtahan verərək beynəlxalq sertifikata layiq görülüb.
A.Zeydullayeva