Nazirlər Kabineti “Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası”nı təsdiq edib.
Qaydanın mətni rəsmi mətbuatda dərc olunub.
Bu Qayda dərman vasitələrinə və dini təyinatlı ədəbiyyata (kağız və elektron daşıyıcılarında), audio və video materiallara, mal və məmulatlara, dini məzmunlu başqa məlumat materiallarına tətbiq olunan nəzarət markalarının (bundan sonra - nəzarət markaları) hazırlanması, onların alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması ilə bağlı məsələləri tənzimləyir.
Qaydaya əsasən, nazirliyin və komitənin təqdim etdiyi tələbata uyğun olaraq nəzarət markalarının hazırlanması (sifarişi) Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bununla yanaşı, təqvim ili üçün sifariş olunacaq markaların sayı Səhiyyə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ərizələri əsasında müəyyən edilir. Bu qurumlar növbəti təqvim ilinin başlanmasına 6 ay qalmış nəzarət markalarına olan illik tələbat barədə məlumatı Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Maliyyə Nazirliyi isə Səhiyyə Nazirliyi və komitənin təqdim etdiyi tələbata uyğun miqdarda sifariş etdiyi nəzarət markalarını növbəti təqvim ilinin 1 fevral tarixindən gec olmayaraq onlara təhvil verməlidir.
Nazirlik və komitə tərəfindən nəzarət markaları müəyyən edilmiş qiymətə satılır. Markaların satışından əldə olunan vəsaitlər dövlət büdcəsinə köçürülməlidir, onların uçotunun aparılması Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
A.Əzizov