Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) iranlı həmkarları ilə əlaqələri genişləndirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
“Bu ilin birinci yarısında AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri üzrə keçirilmiş beynəlxalq elmi konfranslarda İran İslam Respublikasının müxtəlif ali məktəblərindən və elmi mərkəzlərindən 16 nəfər elm adamı məruzəçi qismində təmsil olunub. Eyni zamanda, İran universitetlərində təşkil olunmuş konfranslarda Azərbaycan alimlərinin də müxtəlif elm sahələri üzrə elmi məruzələri dinlənilib. Bu yaxınlarda Ərdəbil şəhərində keçiriləcək beynəlxalq elmi konfransda iştirak etmək üçün Akademiya alimlərinin məruzələri qəbul edilib”,- deyə məlumatda AMEA-nın vitse-prezidenti İsa Həbibbəyliyə istinadən bildirilir.
AMEA-nın vitse-prezidenti bildirib ki, cari ildə Bakıda böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığına həsr edilmiş birgə elmi konfransın keçirilməsi də nəzərdə tutulur. Bundan başqa, Akademiyada dünya ədəbiyyatının görkəmli klassiklərindən biri olan, böyük İran şairi və mütəfəkkiri Şeyx Sədi Şirazinin ədəbi irsi və ənənələrinə həsr olunmuş beynəlxalq elmi konfransın da keçirilməsi üçün hazırlıq işləri aparılır.
Konfrans çərçivəsində, həmçinin Şeyx Sədi Şiraziyə həsr edilmiş sənədli film də nümayiş etdiriləcək. “Məlum olduğu kimi, Şeyx Sədi Şirazinin əsərlərindən Şərq ölkələrində, o cümlədən Azərbaycanda dərslik kimi istifadə olunub. Bundan başqa, maarifçi-didaktik ədəbiyyatın yaranması və inkişafına da “Gülüstan” və “Bustan” kimi əsərlər böyük yol açıb”, - deyə İ.Həbibbəyli qeyd edib.
A.Zeydullayeva