Kataloniya başçısı Artur Mas bazar ertəsi sentyabrın 27-də yerli seçkilərin keçirilməsinə dair dekret imzalamaq niyyətindədir. Bu barədə İspaniyanın PTBE teleradio şirkəti məlumat verir.
Onun sözlərinə görə, İspaniya qanunvericiliyinə əsasən, bu, adi seçkilər olacaq, lakin seçkilərdə iştirak edəcək partiyalar siyasi nöqteyi-nəzərindən bu seçkiləri faktiki olaraq müstəqillik referendumuna çevirə bilər.
Beləliklə, A.Mas bu il yanvar ayının 14-də verdiyi vədinə əməl edərək sentyabrın 27-də muxtariyyət seçkiləri keçirəcək - düz bir il əvvəl o, öz müqəddəratını təyin etmə haqqında məsləhətləşmələrin keçirilməsinə dair dekret imzalamışdı .
Daha öncə Kataloniya hökuməti artıq müstəqil dövlət institutları yaratmağa başlamışdı. Bu institutlar seçkilərdə müstəqillik tərəfdarlarının qələbə çalacağı təqdirdə fəaliyyətə başlayacaqdı. Ötən həftə Kataloniyanın Vergi Agentliyi təsis edilib və mərkəzi bankın nümunəsində ictimai kredit institutunun yaradılmasına yol açan qanun qəbul edilib.