“Standard & Poor`s” kredit reytinqləri xidməti “Azərbaycan Dəmir Yolları” QSC-nin uzunmüddətli korporativ kredit reytinqinin (“BB+”) müşahidəsini dayandırıb. Bu barədə agentliyin məlumatında qeyd edilir.
“Bizim fikrimizcə, ADY-nin reytinqlərinin müşahidəsi maliyyə göstəriciləri, əməliyyat fəaliyyətinin nəticələri, şirkətin inkişaf perspektivləri haqqında lazımi informasiyanın olmaması ilə əlaqədar dayandırılıb. Bizim, xüsusilə daşımaların həcmi, tarifləri, kapital xərclər və 2015-ci ilin I yarısı ərzində ADY-nin xərcləri, o cümlədən şirkətin yaxın iki ildə tarifləri, daşımaların həcmi və investisiya layihələri ilə bağlı maliyyə proqnozları barədə məlumatımız yoxdur”, - deyə məlumatda bildirilir.
Əgər ADY əməliyyat göstəriciləri barədə kifayət qədər informasiya təqdim etsə, S&P QSC-nin reytinqlərinin müşahidəsini bərpa edə bilər.
“Bundan başqa, bizə ADY-nin likvidliyinin cari mövqeyi barədə məlumatlar lazım olacaq. Əgər belə informasiya 90 gün ərzində təqdim edilməzsə, biz ADY-nin reytinqlərinin geri çağırılması imkanlarını nəzərdən keçirəcəyik”,- deyə məlumatda qeyd olunur.
“Reytinqlərin müşahidəsinin dayandırılması ADY şirkətinin borc öhdəliklərinə xidmət göstərilməsinin dayandırılmasını nəzərdə tutmur. “Kifayət qədər müfəssəl informasiya verildiyi təqdirdə biz ADY-nin reytinqlərinin alınmış məlumatlar səviyyəsində bərpası barədə qərar qəbul edəcəyik”,- deyə məlumatda qeyd edilib.
A.Əzizov