Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev hesab edir ki, Almaniya Federativ Respublikasının “Deutsche Welle” (DW) proqramının Dağlıq Qarabağa həsr olunmuş buraxılışı qərəzli vəbirtərəfli, obyektiv jurnalistika prinsiplərinə ziddir.
“Almaniya Federativ Respublikasının “Deutsche Welle” ictimai yayım şirkətinin 31 iyul 2015-ci il tarixli “Dağlıq Qarabağ münaqişəsində gərginlik artır” adlı verilişi qərəzli vəbirtərəflidir, obyektiv jurnalistika prinsiplərindən uzaqdır”, - deyə H.Hacıyevin KİV-lər üçün bəyanatında bildirilir.
«Deutsche Welle” proqramının jurnalisti Kristina Treppe Ermənistan ərazisindən Azərbaycanın işğal olunmuş ərazilərinə gedərək öz reportajında Qarabağ separatçılarına yüksək qiymət verib və azərbaycanlıları cinayətkar, dinc sakinləri qətl edən insanlar kimi təqdim edib.
O qeyd edib ki, “DW”in öz çəkiliş qrupunu qanunsuz olaraq işğal olunmuş Azərbaycan ərazilərinə göndərməsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması deməkdir.
“Verilişdə yalnız Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticəsində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin “hərbi və mülki nümayəndələri”nin yalan fikirlərinə yer ayrılır. Lakin verilişdə münaqişənin bilavasitə qurbanı olmuş və etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları və əzab-əziyyətləri barədə məqsədyönlü şəkildə heç nə deyilmir. Mahiyyət etibarilə veriliş Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə əməlləri, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü və bunun nəticəsində yaradılmış qondarma kriminal rejimin təşviqinə xidmət edərək, münaqişənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə və Azərbaycan ictimaiyyətinə qarşı hörmətsizlik mənası daşıyır”, - deyə H.Hacıyev bildirib.
Onun sözlərinə görə, “DW” əsas məqsəd və məramlarından birinin dünya mədəniyyətləri və xalqları arasında anlaşmaya xidmət etdiyini iddia etsə də, bu veriliş vasitəsilə dini və etnik zəmində nifaqın gərginləşməsinə xidmət edir.
“Münaqişənin əsl mahiyyətini təhrif edərək, qərəzli və obyektivlikdən kənar veriliş təqdim etməklə, “DW” eyni zamanda, öz yerli və beynəlxalq tamaşaçı auditoriyasına da hörmətsizlik nümayiş etdirir. Bu cür yanaşma eləcə də ifadə və mətbuat azadlığı prinsiplərinin kobud şəkildə pozulması və ondan sui-istifadə edilməsi kimi qiymətləndirilir. Ciddi narazılıq doğuran məqam ictimai yayım şirkəti olan “DW”nin, eləcə də Almaniyanın dövlət büdcəsi vasitəsilə maliyyələşdirilməsidir. Azərbaycan Almaniyadakı səfirliyi məsələ ilə əlaqədar bu dövlətin müvafiq qurumlarına rəsmi qaydada müraciət edəcək”, - deyə XİN nümayəndəsi vurğulayıb.
“Ümid edirik ki, Azərbaycan-Almaniya əlaqələrinin ruhuna, ATƏT Minsk qrupunun üzvü kimi münaqişə ilə əlaqədar Almaniyanın rəsmi mövqeyinə və media azadlığına zidd olan bu verilişin hazırlanması və efirə verilməsi məsələsi Almaniyanın aidiyyəti qurumları tərəfindən lazımınca araşdırılacaq və adekvat münasibət bildiriləcək”,- deyə o söyləyib.
F.İsazadə