Azərbaycan və Özbəkistan hökumətləri iki ökə arasında əməkdaşlığın mümkün olduğu təxminən 200 adda maldan ibarət siyahını müzakirə edir. Bu barədə Özbəkistanın Azərbaycandakı səfirinin müavini Cahangir Əminov məlumat verib.
“Əməkdaşlıq niyyətində olduğumuz 200-ə yaxın adda məhsul adlarını nəzərdən keçiririk. Konkret deyə bilmərəm, lakin ilin sonuna kimi əməkdaşlıq üçün nəzərdə tutduğumuz malların adları məlum olacaq”, - deyə C.Əminov çərşənbə axşamı Özbəkistanin müstəqilliyinin ildönümünə həsr olunmuş dəyirmi masada “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
O qeyd edib ki, hazırda Özbəkistan Azərbaycana maşınqayırma və aqrar sənaye kompleksi məhsulları ixrac edir.
“Azərbaycana nəinki avtobuslar, həm də «General motors» markasının minik avtomobillərini ixrac edirik. Həmçinin Bakıda bizim aviaşirkət təmsil olunur, sənaye avadanlığı, ehtiyat hissələri, kənd təsərrüfatı malları və quru meyvələr ixrac edilir”, - deyə o bildirib və əlavə edib ki, Azərbaycana taxıl ixracı məsələsi də müzakirə olunur.
Onun sözlərinə görə, Azərbaycandan Özbəkistana neft və kimya sənayesi məhsulları tədarük olunur. Bundan başqa, Özbəkistanda çoxlu sayda Azərbaycan şirkətləri, o cümlədən birgə müəssisələr fəaliyyət göstərir.
“Azərbaycan toxuculuq məhsullarını, əsasən Türkiyədən alır. Lakin biz də bura öz toxuculuq məhsullarımızı tədarük etmək istəyirik. Eyni zamanda, Azərbaycana xalça məmulatları tədarük etmək niyyətindəyik”, - deyə o vurğulayıb.
F.İsazadə