Azərbaycan hərbçiləri “Tank biatlonu” üçün xüsusi yol hazırlayıblar və gələn il Beynəlxalq ordu oyunlarında bu yarış növündə iştirak etmək niyyətindədirlər. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Döyüş Hazırlığı İdarəsinin baş zabiti, polkovnik Sakit Verdiyev məlumat verib.
“Biz bu il “Tank biatlonu”nda müşahidəçi kimi çalışırıq, lakin gələn il mütləq hazırlaşıb iştirak edəcəyik. Bütün elementləri öyrənirik, artıq Alabino poliqonuna bənzər xüsusi yol yaratmışıq”, - deyə o bildirib.
S.Verdiyevin sözlərinə görə, bu il Azərbaycan komandasının “Tank biatlonu”nda iştirak üçün lazımi hazırlığa vaxtı çatmayıb. Bu səbəbdən yarışlara gələn il qatılmaq qərara alınıb. “Prinsip etibarilə, bizdə və Rusiyada tanklar eynidir. Cari ilin yerdə qalan hissəsini və gələn ili hərbi hazırlığa həsr edəcəyik. “Tank biatlonu” ilə bağlı təəssüratlar çox yaxşıdır”, - deyə zabit qeyd edib.