Bakı Ağır Cinayətlər Məhkəməsi narkotik maddə qaçaqmalçılığında və satışında təqsirləndirilən şəxsi 8 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə “İnterfaks-Azərbaycan”agentliyinə məhkəmədən məlumat verilib.
İttiham aktına əsasən, bu ilin aprel ayında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı paytaxt sakini Vurğun Məlikov saxlanılıb.
Ona məxsus çantadan 1,5 kq-dan çox tiryək aşkarlanıb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni İran ərazisində şəxsiyyəti müəyyən edilməmiş şəxsdən aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini etiraf edib.
Məhkəmə V.Məlikovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 (qaçaqmalçılıq) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum edib.
C.Həmidov