“Şahdəniz” yatağından hasil edilən qazın Türkiyəyə nəqli üçün nəzərdə tutulmuş Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyə hissəsində bazar ertəsi baş vermiş partlayış Gürcüstanın qaz təchizatına təsir göstərməyəcək.
“Bu, Türkiyənin Qars vilayəti ərazisində baş verib və bizim qaz kəməri ilə bağlı əməliyyatlarımıza təsir etməyəcək. Həm də bu günlərdə planlı təmir işləri aparıldığı üçün kəmər boş idi və hazırda onunla qaz nəql edilmir”, - Gürcüstanın energetika nazirinin müavini Marniam Valişvili çərşənbə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, qaz kəmərində bu ayın əvvəlində başlamış təmir bərpa işləri avqustun 22-nə qədər davam edəcək.
Biz adətən avqust ayında təmir işləri aparırıq. Avqust ayının 23-dən “Şahdəniz” yenidən dolacaq və mən əminəm ki, o zamana qədər qəzanın nəticələri tamamilə aradan qaldırılacaq və bütün qaz kəməri planlaşdırılan iş qrafikinə uyğun olaraq istifadəyə veriləcək”,- deyə o bildirib.
Bakı-Tbilisi-Ərzurum qaz kəmərində reabilitasiya işləri zamanı Azərbaycan qazı Gürcüstana köhnə, alternativ “Qazax” boru kəməri ilə ötürülür.
Daha öncə Türkiyə KİV-ləri Qars vilayətinin valisi Günay Özdəmirə istinadən yazıb ki, qaz kəmərində partlayışın səbəbləri araşdırılır və insidentlə bağlı zəruri tədbirlər görülür.