Futbol üzrə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” komandası ilə cavab oyunu keçirmək üçün Bakıya gəlmiş Şotlandiyanın “Seltik” klubunun üzvləri çərşənbə axşamı məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksində olublar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, futbolçular və “Seltik” klubunun üzvləri qaçqın və məcburi köçkünlərlə görüşə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq ilə birgə gəliblər.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov qonaqlara Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan ərazisinin beş bir hissəsinin işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Sonra Seltik futbol klubunun üzvləri məhəllədə olan Zəngilan rayon 4 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış olublar və məktəbin idman zalında həmin məktəbin şagirdlərindən ibarət futbol komandası ilə futbol oynayıblar.
“Qarabağ”-“Seltik” oyunu çərşənbə günü keçiriləcək. Ötən həftə Şotlandiyada keçirilmiş ilk oyun ev sahiblərinin 1:0 qələbəsi ilə başa çatıb. İki oyunun nətcələrinə əsasən qalib Çempionlar Liqasının qrup turnirinə vəsiqə qazanacaq.
F.Hüseynzadə