Döyüş meydançasında Azərbaycan tərəfindən aldığı cavab zərbəsindən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi qorxu və vahimə içindədir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məumatına görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov bəyan edib.
“Keçən ilin avqustundan indiyədək ötən müddətdə düşmənə vurulan zərbələrdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də özünə gələ bilməyib. İndi də qorxu və vahimə içindədir”, - deyə rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığını yoxlayan Z.Həsənov belə hesab edir.
Nazir qeyd edib ki, artıq məqam yetişib. Səbri tükənən Azərbaycan xalqı, öz doğma yurdlarından didərgin salınmış insanlar hərəkətə keçib, düşmən işğalı altında olan torpaqları azad etməyi tələb edirlər.
Onun sözlərinə görə, Azərbaycan bütün parametrlərə görə Ermənistandan üstündür və bunu İrəvanda da etiraf edirlər.
“Beynəlxalq qurumlar tərəfindən münaqişəyə dair qəbul edilmiş bir çox qərarlar da haqq və ədalətin bizim tərəfimizdə olduğunu sübut edir. Xalqımız onu da bilməlidir ki, döyüş ruhlu Azərbaycan əsgəri ölkəmizi Şuşasız, Laçınsız, digər işğal olunmuş şəhər və kəndlərsiz təsəvvür etmir. Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə hazırdır və qadirdir. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa edəcək. Buna heç kimin şübhəsi olmamalıdır”, - deyə Z.Həsənov bəyan edib.
Nazir ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi, o cümlədən müharibə zamanı bölmələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə əlaqədar komandir və rəis heyətinə müvafiq tapşırıqlar verib.
Z.Həsənov cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, postlar və mövqelərdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb.
Nazirin cəbhə bölgəsinə səfəri davam edir.
R.Babayev