2015-ci ilin I yarısında Azərbaycanda informasiya, rabitə və poçt sektorunun inkişafına 158,3 mln. manat investisiya yatırılıb. Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov cümə axşamı rəsmi mətbuatda dərc edilmiş müsahibəsində bildirib.
Bununla yanaşı, RYTN-in strukturuna daxil olan dövlət müəssisələrinin investisiyaları hesabat dövründə 48 mln. manat təşkil edib.
“2015-ci ilin I yarısında Azərbaycanda rabitə, informasiya-kommunikasiya texnologiyaları və poçt müəssisələrinin gəlirləri 809,6 mln. manat (artım 12%) təşkil edib”,- deyə V.Zeynalov qeyd edib.
Onun sözlərinə görə, hesabat dövründə ümumilikdə RYTN üzrə 90 yeni iş yeri açılıb, orta aylıq əmək haqqı 385,7 manat təşkil edib. Bununla yanaşı, ilin I yarısında İKT sektoru üzrə orta aylıq əmək haqqı 752,7 manat, o cümlədən telekommunikasiya sektoru üzrə 849 manat, poçt sektoru üzrə 249,9 manat təşkil edib.
N.Abbasova