Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 128,5 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2015-ci ilin əvvəlindən fondun vəsaitləri hesabına 3,7 mindən artıq sahibkarın layihələri maliyyələşdirilib. Bu isə 7,9 minə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.
SKMF cümə axşamı Şabran rayonunda sahibkarlığa dövlət dəstəyi ilə bağlı tədbir keçirib.
Nazirliyin məlumatında fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən qeyd edilir ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar 2,02 min investisiya layihəsinin həyata keçirilməsi üçün SKMF-in xətti ilə 137 mln. manat məbləğində güzəştli kredit alıblar. Bu isə 10,4 mindən artıq iş yerinin yaradılmasıma imkan verib.
“Cümə axşamı tədbir çərçivəsində 44 sahibkarlıq subyekti 1 mln. manat məbləğində güzəştli kredit alıb. Kredit vəsaitləri toxumçuluq, bağçılıq, heyvandarlıq, əkinçilik, arıçılıq, logistik mərkəzin tikintisi və s. sahələrdə layihələrin reallaşdırılmasına yönəldilib. Bu layhələrin icrası 70-dən artıq yeni iş yerinin açılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2014-cü ildə fondun xətti ilə sahibkarlara 295 mln. manat məbləğində güzəştli kredit verilib.
A.Axundov