Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aptek müəssisələrində qüvvəyə minəcək yeni qiymətlərə dair məlumatlandırma tədbirlərinə start verir. Bu məqsədlə ölkədə fəaliyyət göstərən bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Tarif Şurasının qiymətlərə dair yeni qərarı sentyabrın 15-dən qüvvəyə minəcək.
Bildirişlərdə aptek rəhbərlərinə www.pharma.az və www.medportal.az saytlarında yerləşdirilmiş qiymətləri tənzimlənmiş 256 dərman vasitəsinin topdan və pərakəndə satış qiymətlərini, həmçinin reseptsiz buraxılan dərman vasitələrinin siyahısını əldə rəhbər tutmaq tapşırılır. Aptek rəhbərlərinə xəbərdarlıq edilir ki, ölkədə dövlət qeydiyyatından keçmiş bütün dərman vasitələri ancaq vahid resept blankı əsasında buraxılmalıdır.
SMS məlumatlandırma kampaniyasının ikinci mərhələsi olaraq əhalinin məlumatlandırılmasına başlanacaq. Kampaniya çərçivəsində vətəndaşlara qeyd olunan saytlarda 24 saat işləyən növbətçi apteklərin siyahısı (adları, ünvanları və əlaqə telefonları) və digər faydalı məlumatlar veriləcək.
A.Zeydullayeva