Cümə günü Qəbələdə başlayacaq atıcılıq üzrə Dünya Kuboku yarışları Qəbələdə ən müasir standartlar səviyyəsində təşkil olunub. Bu sözləri Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Oleqario Vaskes Ranya bu gün Bakıda prezident İlham Əliyevlə görüş zamanı deyib.
Dövlət başçısının rəsmi saytında verilən məlumata görə, Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti dünyanın 90 ölkəsindən 1000-dən çox idmançının iştirak etdiyi atıcılıq üzrə Dünya Kuboku yarışlarının idman sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini vurğulayıb.
Oleqario Vaskes Ranya birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını məmnunluqla xatırlayaraq həmin oyunların yüksək səviyyədə təşkil edildiyini söyləyib.
Dövlətimizin başçısı müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən dünya səviyyəli idman yarışlarının keçirilməsi üçün təkcə ölkəmizin paytaxtında deyil, regionlarda da müasir infrastrukturun yaradıldığını vurğuladı və bu baxımdan atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının Qəbələ şəhərində keçirilməsinin önəmini qeyd edib.
Görüşdə Beynəlxalq İdman Atıcılıq Federasiyası ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə olunub.
R. Babayev