2015-ci ilin I yarısında Gürcüstana 600 minə yaxın Azərbaycan vətəndaşı səfər edib. Bu barədə jurnalistlərə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze məlumat verib.
“Azərbaycanlılar Gürcüstana səfər edənlər arasında birinci yerdə dayanırlar. Cari ilin ilk altı ayında 600 minə yaxın azərbaycanlı Gürcüstana səfər edib”, - deyə T.Şaraşenidze “İnterfaks-Azərbaycan” agentliyinin sualını cavablandırıb.
O, həmçinin Türkiyədə PKK döyüşçülərinə qarşı aparılan əməliyyatlarla əlaqədar Gürcüstanda turistlərin təhlükəsizlik məsələsinə də toxunub. Səfirin sözlərinə görə, bu məsələ Türkiyə hökuməti ilə əlaqəli şəkildə tənzimlənir.
Diplomat qeyd edib ki, Gürcüstan XİN Türkiyənin cənub-şərqində hökumət qoşunları ilə PKK döyüşçüləri arasında toqquşmaların baş verməsi ilə əlaqədar vətəndaşları bu əraziyə səfər etməməyə çağırıb.
“İŞİD də Türkiyənin bu regionuna girmək üzrədir. Buna görə də mən azərbaycanlıları və gürcüləri Türkiyənin cənub-şərq rayonlarına səfər etməməyə çağırıram”, - deyə o söyləyib.
F.İsazadə