Abxaziya vasitəsilə dəmir yolu açmaq məsələsi Gürcüstan hökumətinin gündəliyində yoxdur. Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze mətbuatda Rusiya qoşunları tərəfindən yolun Abxaziyadan keçən hissəsinin bərpasına dair yayılan məlumatları jurnalistlərə şərh edərkən bildirib.
“Gürcüstan hökuməti heç kəslə bu məsələni müzakirə etməyəcək (Abxaziya vasitəsilə Gürcüstandan Rusiyaya dəmir yolunun açılması - İF-Az) və müzakirə etmək niyyətində deyil. İqtisadi amildən başqa, bu yol siyasi əhəmiyyət də kəsb edir. Gürcüstan üçün bu, ərazi bütövlüyü məsələsidir”, - deyə diplomat vurğulayıb.
Cənubi Osetiya separatçıları tərəfindən Bakı-Supsa neft kəmərinin keçdiyi Gürcüstan ərazisinin tədricən ilhaqı məsələsinə toxunan səfir qeyd edib ki, “bu məsələ bitib”. Bununla belə, diplomat Gürcüstan hökumətnin hansı üsulla separatçıları əvvəlki mövqelərinə qaytarmağın mümkün olduğunu açıqlamayıb. Bununla yanaşı, səfir əlavə edib ki, “bizim bu boru kəmərinin daim Gürcüstan ərazisində olması üçün digər variantlarımız da var”.
T.Şaraşenidze bildirib ki, Cənubi Qafqazda münaqişələrin yalnız sülh yolu ilə nizamlanması mümkündür.
“Cənubi Qafqaz kimi kiçik ərazidə qan tökmək böyük fəsadlar törədə bilər”, - deyə o vurğulayıb.
F.İsazadə