2015-ci ilin birinci yarısında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 56,5 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar-iyun aylarında AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 60,7 mln. manat təşkil edib. Beləliklə, 2015-ci ilin yanvar-iyun aylarında AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 6,9% azalıb.
Bununla yanaşı, cari ilin iyun ayında AIF-in agent bankları 9,5 mln. manat məbləğində ipoteka krediti veriblər.
AMB-nin məlumatına görə, yanvar-iyun aylarında AİF-in agent bankları 37,8 mln. manat (azalma 33,2%) məbləğində krediti yenidən maliyyələşdirib.
Hesabat dövründə AİF sosial ipotekanı maliyyələşdirmək üçün dövlət büdcəsindən 23,9 mln. manat məbləğində vəsait alıb.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 30 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2014-cü ildə AİF-in agent bankları 97,1 mln. manat məbləğində kredit veriblər, bu isə 2013-cü ilin göstəricisindən 14% azdır.
A.Axundov