2015-ci il avqustun 1-nə Azərbaycanda “elektron imza” (“e-imza”) alan hüquqi və fiziki şəxslərin sayı 35,098 min təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
30 iyul 2015-ci il tarixinə 6,268 min hüquqi şəxs, 7,629 min vətəndaş və 21,201 min dövlət orqanları əməkdaşları “e-imza”ya malikdir.
Nazirliyin məlumatına görə, indiyədək (www.e-gov.az) elektron xidmətlərlə bağlı müraciətlərin sayı 14 mln. 173,264 min, müraciət edən vətəndaşların ümumi sayı 2 mln. 300,721 min nəfər təşkil edib.
“Ümumilikdə vətəndaşların portala marağının artması müşahidə olunur, eləcə də təkrar müraciət edənlərin sayı artır. Bu dövr ərzində portala müraciət edənlərin 28,1%-ni yeni istifadəçilər, 71,9 %-ni təkrar müraciət edənlər təşkil edib”, - deyə məlumatda qeyd edilir.
2015-ci il iyulun 30-na 266,575 min istifadəçi portaldan istifadə üçün sadələşdirilmiş kod-parol alıb.
Cari ilin iyul ayında müraciətlərin əksəriyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi xidmətlərdən istifadə ilə bağlı olub.
“Elektron hökumət” portalında təqdim edilən elektron xidmətlərin sayı 409-a çatıb.
N.Abbasova