2015-ci il iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 6 mlrd. 629,1 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə olan göstəricidən 33% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından Məlumat verilib.
Bununla yanaşı, 2015-ci ilin iyun ayında bankların xarici öhdəlikləri 353 mln. manat və ya 5,06% azalıb.
AMB-nin məlumatına əsasən, 2015-ci il iyulun 1-nə Azərbaycan banklarının ümumi xarici aktivləri 4 mlrd. 386,6 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin əvvəlinə olan göstəricidən 39,1% çoxdur. İyun ayında bankların xarici aktivləri 6,1% azalıb.
2014-cü ildə Azərbaycanda bankların xarici öhdəlikləri 20,4% artıb.
Azərbaycanda bankların xarici öhdəlikləri qeyri -rezidentlərdən cəlb edilən kreditlər, qeyri-rezidentlədən cəlb edilən depozitlər, qeyri -rezidentlərə yerləşdirilmiş qiymətli kağızlar hesabına formalaşır.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Axundov