Azərbaycandakı “Əfqanıstan müharibəsi veteranları” İctimai Birliyinin üzvləri çərşənbə axşamı Qarabağ münaqişəsi zonasına yola düşüblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətin sədrinin birinci müavini Əbülfət Hüseynov məlumat verib.
Əfqanıstan müharibəsi veteranları Bakıda Şəhidlər xiyabanını ziyarət edərək ölkənin müstəqilliyi uğrunda həlak olan “əfqan əsgərləri”nin məzarları önünə qül dəstəsi qoyublar. Sonra veteranlar Azərbaycan və Ermənistan silahlı qüvvələrin təmas xəttinə yola düşüblər.
“Cəbhə bölgəsinə səfərimizin məqsədi Azərbaycan Silahlı Qüvvələrin şəxsi heyətinə mənəvi dəstək verməkdir. Əfqanıstan veteranları hər zaman hərbçilərin yanındadırlar”, - deyə Ə.Hüseynov bildirib.
Onun sözlərinə görə, veteranlar hərbi hissələrdə nəinki əsgərlərlə görüşəcək, həm də gecə növbətçiliyini səngərlərdə hərbçilərlə keçirəcəklər.
F.İsazadə