2015-ci ilin I yarısında Azərbaycanda bankların Bakıda müştərilərin kreditləşdirilməsi üzrə portfeli 10,3% - 16 mlrd. 978 mln. 390,6 min manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
AMB-nin məlumatına görə, 2015-ci il iyulun 1-nə Bakıda borcalanlara verilmiş kreditlərin həcmi bankların respublika üzrə bütün kredit qoyuluşlarının 83,7%-ni təşkil edir.
İyun ayının sonuna Bakıda borcalanların müddəti ötmüş kreditlərinin həcmi 1 mlrd. 115 mln. 156,3 min manat və ya paytaxtda verilmiş bütün kreditlərin 6,6%-ni təşkil edib.
Ümumilikdə Bakıda banklar tərəfindən kreditlər orta hesabla illik 11,8%, respublika üzrə isə 13,3% dərəcəsi ilə verilir.
2015-ci il iyulun 1-nə Bakıda milli valyuta ilə verilmiş kreditlərin həcmi 9 mlrd. 142 mln. 704,3 min manat, xarici valyuta ilə verilmiş kreditlərin həcmi 7 mlrd. 835 mln. 686,3 min manat təşkil edir. Bununla yanaşı, milli valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi orta hesabla 12,4%-ə, xarici valyuta ilə 11,2%-ə bərabərdir.
2015-ci il iyulun 1-nə regionlarda banklar tərəfindən müştərilərin kreditləşmə həcmi 3 mlrd. 310 mln. 72,2 min manat (artım 5,2 %) təşkil edib.
Kommersiya bankları aşağıdakı regionlarda hüquqi və fiziki şəxslərin kreditləşdirilməsinə üstünlük verir: Aran iqtisadi rayonunda 835 mln. 237,4 min manat (orta faiz dərəcəsi illik 23%), Abşeron iqtisadi rayonunda 640 mln. 937 min manat (19,4%), Gəncə-Qazax iqtisadi rayonunda 744 mln. 662,7 min manat (19,7%), Lənkəran iqtisadi rayonunda 293 mln. 427,4 min manat (24,1%) həcmində kredit verilib.
Kreditləşdirmənin qalan həcmi respublikanın digər iqtisadi rayonlarının payına düşür.
A.Axundov