Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev respublikanın cənub bölgəsinə səfəri çərçivəsində “Avanqard” MMC-nin Cəlilabad rayonundakı taxılçılıq təsərrüfatı ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Prezidentə ölkədə iri fermer təsərrüfatları barədə məlumat verildi. Bildirildi ki, ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə dövlət başçısının tapşırığına uyğun olaraq Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı rayonlarında 30 min hektardan artıq sahədə 15 sahibkarlıq subyekti tərəfindən 19 iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 123,7 mln. manat olan bu təsərrüfatların yaradılmasına 54,8 mln. manat məbləğində dövlətin güzəştli kreditləri verilib. İ.Əliyevə Cəlilabadın da daxil olduğu Lənkəran iqtisadi rayonu üzrə verilmiş güzəştli kreditlər barədə məlumat verildi.
Sonra prezident keçmiş dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında 1300 hektar torpaq sahəsi üzrə müsabiqənin qalibi olmuş “Avanqard” MMC tərəfindən yaradılmış iri fermer təsərrüfatının sahələrinə baxdı.
Qeyd olundu ki, təsərrüfat əsasən toxumçuluq istiqamətində fəaliyyət göstərəcək və yüksək reproduksiyalı buğda toxumuna olan tələbatın yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli rol oynayacaq. Bu il təsərrüfatda yazlıq qarğıdalı əkilib və hər hektardan orta məhsuldarlığın 10 tondan artıq olacağı gözlənilir. Təsərrüfat üçün ofis binası, nasosxanalar və texnikaların saxlanılması məqsədilə avtopark tikilib. “Aqrolizinq” ASC vasitəsilə Almaniyanın “Claas” şirkətinin istehsalı olan texnika və aqreqatlar gətirilib. Layihənin icrası nəticəsində 50-dək yeni iş yeri yaradılıb.
İ.Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində tikintisinə 2014-cü ilin mayında başlanılan Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında iştirak edib.
Avtomobil yolunun inşası üçün prezident tərəfindən 9 mln. manat vəsait ayrılıb.
Avtomobil yolunun ümumi uzunluğu 21 kilometr, eni 8 metrdir. Altı yaşayış məntəqəsini, o cümlədən Alar, Təzəkənd, Üçtəpə, Əliqasımlı, Cəfərxanlı və Gülməmmədli kəndlərini əhatə edən yol ümumilikdə 23 mindən çox əhaliyə xidmət göstərəcək.
Həmçinin dövlət başçısı Cəlilabad rayonunun Göytəpə şəhərinin mərkəzində, Göytəpə çayının sahilində inşa edilmiş Heydər Əliyev adına park-bulvarın açılışında iştirak edib.
R.Babayev