Bakıda tanınmış şokolad ustası Nikolya tərəfindən master-klass təşkil olunacaq. Bu barədə “ İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
05-06 sentyabr tarixində Bakıdakı Muzey Mərkəzinin binasında tanınmış Nikolya tərəfindən eksklüziv master-klass təşkil olunacaq.
Master-klassda iştirak edən hər bir şəxs öz əli ilə unikal şokolad - marzipan açıqçalar düzəldə və özləri ilə götürə biləcəklər. Master-klass zamanı iştirakçılar şokoladdan hazırlanan əl işlərinin müəllifi olacaq, şokolad və marzipanla işləməyin qaydalarını öyrənəcək.
Qeyd edək ki, dünya ölkələrinin 40-dan artıq şəhərində qonaq olan məşhur "Nikolya" Şokolad Muzeyi mayın 16-dan Bakıdadır.
"Nikolya" Şokolad Muzeyinin sərgisi müxtəlif yaş və statuslu tamaşaçıları cəlb edir. Dünya turu zamanı 5 il ərzində sərgini 500 mindən artıq tamaşaçı ziyarət edib. Hər bir ziyarətçi üçün şokoladın pulsuz dequstasiyası təşkil olunub.
A.Zeydullayeva