Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsinin (SMBİ) rəisi general-mayor Şarxuu Lxaçinjavın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin sərhəd mühafizəsi üzrə fəaliyyəti və qabaqcıl təcrübəsi ilə tanış olur.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətinin məlumatına əsasən, nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Azərbaycana gəlib.
Səfərin məqsədi – Azərbaycan Respublikasının sərhəd təhlükəsizlik sistemi, Dövlət Sərhəd Xidmətinin sərhəd mühafizəsi üzrə fəaliyyəti və qabaqcıl təcrübəsi ilə tanışlıqdan ibarətdir.
Görüş zamanı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Monqolustan Ədliyyə Nazirliyinin Sərhəd Mühafizə Baş İdarəsi arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında sərhəd təhlükəsizliyi üzrə əməkdaşlığın həyata keçirilməsi, sərhəd mühafizəsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti üzrə təcrübə mübadiləsinin aparılması, dövlət sərhədinin mühafizəsində xidməti heyvanların istifadəsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.
Qonaqlara Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər barəsində ətraflı məlumat verilib.
Qonaqlar Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzi, Sahil Mühafizəsi, Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, Xidməti Heyvanlar Təlimatçılarının Hazırlığı Mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış olublar.
Y.Əliyev