“SOCAR Turkiye Enerji” şirkəti (SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) törəməsi) Egey dənizində tikilən “Petkim” konteyner limanında gəmilərə xidmət üçün 5 yedək gəmisi alıb. Bu barədə “SOCAR Turkiye Enerji” şirkətinin rəhbəri Kənan Yavuz “Facebook” səhifəsində yazıb.
“Limanın tikintisi son mərhələdədir və yaxın zamanda Türkiyənin ən yüksək standartlarına cavab verən bu obyekt istifadəyə veriləcək. “Petkim” limanında konteyner daşıcıyalı və ümumilikdə Egey dənizində Nemrut buxtasında dəniz limanlarına xidmət üçün artıq 5 yedək gəmisi ixtiyarınızdadır”, - deyə K.Yavuz qeyd edib.
Xəbər verildiyi kimi, limanın tikintisinin birinci mərhələsi 2015-ci ilin sentyabr-oktyabr aylarında, ikinci mərhələsi 2016-cı ildə başa çatacaq. Liman ilkin dövrdə ildə 1,5 mln. konteyner qəbul edə biləcək, gələcəkdə bu rəqəmin ildə 4 mln. konteynerə qədər artırılması nəzərdə tutulur.
Limanın tikintisi “Petlim Limancılık Ticarət A.S” və Hollandiyanın “APM Terminals” şirkəti tərəfindən konteyner limanının tikintisi və istismarı haqqında müqavilə əsasında həyata keçirilir. Müqavilə çərçivəsində “Petlim” infrastruktur və tikinti işlərinə $300 mln. vəsait qoyacaq, “APM Terminals” isə maşın və avadanlığın alınması üzrə öhdəlikləri öz üzərinə götürür. Bundan başqa, Hollandiya şirkəti 28 il ərzində limanı idarə edəcək.
“Petlim Limancılık Ticarət A.S” “Petkim Holdinq” tərəfindən təsis olunub. Hazırda müəssisənin səhmdarları “Petkim” (70%) və Amerikanın "Goldman Sachs” investisiya bankıdır (30%).
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “SOCAR Turkey Enerji” şirkəti vasitəsilə “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin nəzarət səhm paketinin (57,92%) sahibidir.
N.Abbasova