Avropa İttifaqı Azərbaycanın parlament seçkilərini yüksək səviyyədə keçirmək üçün səylərini dəstəkləyir. Bunu Aİ-nin Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Malena Mard söyləyib.
“ Aİ bu prosesin daha yüksək səviyyədə keçirilməsi üçün digər ölkələrdə olduğu kimi, Azərbaycanda da seçkilərin keçirilməsinə öz töhfəsini verməyə hazırdır”,- deyə M. Mard Aİ və Mərkəzi Seski Komissiyasının seçki komissiyalarının nümayəndələri üçün keçirdiyi birgə treninqlərdə bildirib. Treninqlər namizədlərin qeydiyyat prosedurunun gücləndirilməsi məqsədi ilə keçirilir.
Onun sözlərinə görə, layihə Azərbaycan MSK ilə birlikdə ATƏT və Avropa Şurasının namizədlərin qeydiyyatı məsələsi üzrə tövsiyələri nəzərə alınmaqla həyata keçirilir.
“ Aİ dünyanın müxtəlif ölkələrində keçirilən seçkilərə böyük əhəmiyyət verir. Bu seminara bənzər seminarlar Azərbaycanın müxtəlif regionlarında keçirilir”,- deyə M.Mard bildirib.
O qeyd edib ki, Milli Məclisə seçkilər Azərbaycanın daxili işidir və bu baxımdan bu prosesdə əsas iştirakçı MSK-dır.
“Aİ Azərbaycanın müxtəlif strukturları ilə” Şərq tərəfdaşlığı” proqramı da daxil olmaqla əməkdaşlığı inkişaf etdirir. Bizim əsas layihələrimiz demokratiyanın inkişafına və seçki proseslərinin inkişafına yönəldilib. Bu seçkilər ilində seçki komissiyasının əməkdaşları üçün xüsusən vacibdir”,- deyə M. Mard vurğulayıb.
Onun sözlərinə görə, Milli Məclisə seçkilər beynəlxalq təşkilatların Azərbaycana diqqətini artırıb.
“ Ümumiyyətlə, Aİ həm Azərbaycanda, həm də digər ölkələrdə seçki proseslərinə böyük diqqət ayırır”,- deyə o əlavə edib.
M.Mard söyləyib ki, Aİ müxtəlif ölkələrdə seçkilərin beynəlxalq demokratik prinsiplərə uyğun gəlməsi üçün seski proseslərinə öz töhfəsini verir.
M.Mard bu seminarın demokratik seçkilərin keçirilməsində rol oynayacağına ümid etdiyini bildirib.
R.Babayev