Avqustun 17-də Fəxri Xiyabanda Azərbaycanın və SSRİ-nin xalq artisti, görkəmli müğənni və bəstəkar Müslüm Maqamayevin doğum günündə onun anım mərasimi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə ictimai, mədəniyyət və incəsənət xadimləri, sənətkarın yaxınları və sənət dostlarının iştirakı gözlənilir. Bununla əlaqədar SSRİ-nin xalq artisti, opera divası, M.Mağomayevin həyat yoldaşı Tamara Sinyavskaya Bakıya gəlib.
M.Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub.
1962-ci ildə Kremlin Qurultaylar Sarayında Azərbaycan mədəniyyəti festivalının son konsertindəki çıxışı ona ümumittifaq şöhrəti gətirib.
M.Maqomayevin ilk solo konserti 1963-cü il noyabrın 10-da P.İ.Çaykovski adına konsert zalında baş tutub. Onun konsert repertuarında 600-dən çox əsər (rus romansları, klassik, estrada və Neapol mahnıları) var; o, «Nizami», «Oxuyur Müslüm Maqomayev» və «Moskva notlarda» filmlərində çəkilib. M.Maqomayev 20-dən çox mahnının, film və tamaşa musiqisinin müəllifidir. O, həmçinin dünya opera və estrada səhnəsinin ulduzları, o cümlədən də Amerika müğənnisi Mario Lansın həyat və yaradıcılığına dair silsilə televiziya verilişlərinin müəllifi və aparıcısı olub, bu müğənni barədə kitab yazıb.
M.Maqomayevin son mahnılarından biri 2007-ci ilin mart ayında Sergey Yeseninin sözlərinə yazılmış “Əlvida, Bakı” mahnısı olub.
M.Maqomayev “Şöhrət” (1997), “Qırmızı Əmək Bayrağı” (1971), “Xalqlar Dostluğu” (1980), İstiqlal” (2002) ordenləri və “Şaxtaçı şöhrəti” III dərəcəli döş nişanı ilə təltif edilib. 2004-cü ildə RF təhlükəsizlik, müdafiə və asayiş problemləri Akademiyasının M.V.Lomonosov adına ordeni ilə təltif edilib. 2005-ci ildə Rusiya mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə Böyük Pyotr adına Milli mükafata layiq görülüb. Rusiya mədəniyyətinin inkişafında mühüm nailiyyətlərə görə təqdim edilən “Dankonun ürəyi” ordeni kavaleridir.
M.Maqomayev 2008-ci il oktyabrın 25-də 66 yaşında Moskvada vəfat edib. Hər il M.Maqomayevin doğum və vəfat etdiyi gündə müğənninin Vətənində anım tədbirləri keçirilir.
A.Zeydullayeva