Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsi sentyabr ayının 15-dən əlillər üçün pulsuz peşə və hazırlıq kurslarına start verir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsinin sədri Elmira İsmayılova bildirib ki, əlillərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulan kurslar şəhərin Həsən Əliyev və Abbas Səhhət küçələrində yerləşən binalarda təşkil olunacaq.
“Müraciət edənlər üçün yaş məhdudiyyəti yoxdur. Kurslar əvvəlcədən dəqiqləşdirilən və əlillərin daha çox ehtiyac duyduqları sahələr üzrə aparılacaq”,- deyə E. İsamyılova qeyd edib.
Kurslarda əlilliyi olmayan insanlar da iştirak edə bilərlər. Amma, onlar üçün tədris ödənişli olacaq. Hazırda Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsi kurslarda dərs deyəcək təlimçilər arasında seçim aparır.
F.Mehdiyev