Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Cəmşid Naxçıvanskinin 120 illik yubiley tədbiri keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edib.
Tədbir iştirakçıları teatrın foyesində Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş sərgiyə baxıblar.Sərgidə sərkərdənin həyatından bəhs edən sənədlər, foto materiallar, kitablar nümayiş etdirilib.
“Cəmşid Naxçıvanski nəsillərə nümunə olan hərb xadimidir. Azərbaycan türkləri tarixən böyük hərb sənətinə malik olmuşlar. Bu sənətin inkişafında və davam etdirilməsində Naxçıvanskilər nəslinin nümayəndələri olan generalların da mühüm xidmətləri vardır. Onlar şərəfli döyüş yolu keçmiş, gənc nəsil üçün bütöv bir vətənpərvərlik dərsliyi hazırlamışlar. Cəmşid Naxçıvanski bu nəslin yetişdirdiyi altı generaldan biri idi. İlk hərbi təhsilini Tiflis Yunker Məktəbində alan Cəmşid Naxçıvanski Birinci Dünya müharibəsi başlayandan sonra Qərbi Ukraynadakı qvardiya məktəbində qısamüddətli kurs keçmişdir. O, müsəlmanlardan ibarət süvari eskadronunun komandiri kimi Birinci Dünya müharibəsi cəbhələrində əsl şücaət və qəhrəmanlıq göstərmiş, dəfələrlə yaralanmasına baxmayaraq, yenidən döyüş cəbhəsinə qayıtmış və nümunə göstərmişdir”,- deyə o qeyd edib.
Qeyd olunub ki, Cəmşid Naxçıvanski müharibə başa çatandan sonra tabeliyində olan hərbi hissə ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsində iştirak edib, 1918-ci il sentyabrın 15-də Bakının erməni-daşnaklardan və “Sentrokaspi diktaturası” qüvvələrindən təmizlənməsində fəallıq göstərib.
“1920-ci ilin əvvəllərində Dağlıq Qarabağda azərbaycanlı əhaliyə amansız divan tutan erməni quldur dəstələri Cəmşid Naxçıvanskinin komandanlıq etdiyi alay tərəfindən darmadağın edilib və qısa müddətdə orada əmin-amanlıq yaradılıb. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Xalq Komissarları Sovetinin sədri N. Nərimanov tərəfindən Bakıya dəvət olunan Cəmşid Naxçıvanskiyə Azərbaycan Birləşmiş Komanda Məktəbinə rəhbərlik həvalə olunub və ilk milli atıcı diviziyanın yaradılması tapşırılıb. 1921-1931-ci illərdə milli atıcı diviziyasının komandiri olan Cəmşid Naxçıvanski 1931-1934-cü illərdə Moskvada Frunze adına Ali Hərbi Akademiyada təhsil alıb, sonra isə hərbi pedaqoq kimi həmin akademiyada gənc sərkərdələr nəslinin hazırlanmasında gərgin fəaliyyət göstərib. Bütün bunlara baxmayaraq, ötən əsrin 30-cu illərinin repressiyası görkəmli sərkərdə Cəmşid Naxçıvanskidən də yan keçməyib. Sovetlər birliyi dövründə hərb sənətinin inkişafında və kadr hazırlığı sahəsində səmərəli fəaliyyətinə, dəfələrlə mükafatlandırılmasına baxmayaraq, Cəmşid Naxçıvanski əvvəllər Azərbaycan Xalq Cümhuriyyətinin zabiti olduğu üçün daim nəzarətdə saxlanılır, ona qarşı təqiblər artır, haqsız ittihamlar irəli sürülürdü. 1938-ci ilin may ayında həbs olunan Cəmşid Naxçıvanskiyə ölüm hökmü çıxarılmışdı.
Cəmşid Naxçıvanski şəxsiyyətinin böyüklüyü ondadır ki, bir-birinə zidd olan üç quruluşda yaşamasına baxmayaraq, zabit şərəfini qorumuş, təmsil etdiyi nəslin və xalqın ləyaqətini qorumuş, həyatının məqsədini vətənə xidmətdə görmüşdür.
“Azərbaycan xalqının digər görkəmli nümayəndələri kimi, repressiya qurbanı olan Cəmşid Naxçıvanski də əsl bəraətini ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycanda həyata keçirdiyi tarixi yaddaşa və ədalətə qayıdış siyasəti nəticəsində almışdır. Xalqımızın Ümummilli Lideri Azərbaycanın rəhbəri seçiləndən qısa müddət sonra “Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi haqqında” qərar vermişdir. Bundan sonra Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi, Naxçıvan şəhərində isə Cəmşid Naxçıvanskinin ev muzeyi yaradılmış, bir məktəbə və küçəyə Cəmşid Naxçıvanskinin adı verilmişdir”,- deyə V.Talıbov qeyd edib.
Tədbirin aparıcıları Cəmşid Naxçıvanskinin diviziya komandiri və pedaqoq kimi müxtəlif illərdə “Bakinski raboçi”, “Hərbi bilik”, “Krasnaya zvezda” qəzetlərində dərc etdirdiyi məqalələrindən parçaları oxuyub, onun ordu quruculuğu ilə bağlı tövsiyələrini və görkəmli hərb xadimlərinin Cəmşid Naxçıvanski haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Sonra tədbir iştirakçıları Naxçıvan Dövlət Televiziyasının Cəmşid Naxçıvanskinin 120 illik yubileyi münasibətilə hazırladığı “Sərkərdə” televiziya filminə baxıblar.
Q.Hüseynova