Göygöl Milli Parkını zibilləyən vətəndaşlar 800 manata qədər cərimə olunacaqlar. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə
açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafının Departamentinin direktoru Vaqif Cavadov deyib.
“Milli Parkın ərazisini zibilləyən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan sərt tədbirlər görüləcək və İnzibatı Xətalar Məcəlləsinə görə 800 manatadək cərimələnəcəklər.Göygöl Milli Parkını zibilləyən vətəndaşlarla bağlı qara siyahı tətbiq ediləcək və onlar bir daha Milli Parka buraxılmayacaqlar”,- deyə o bildirib.
V.Cavadov, həmçinin deyib ki, Milli Parkı zibilləyən vətəndaşların müəyyən edilməsi üçün əraziyə təhlükəsizlik kameraları da quraşdırılacaq.
“Milli Park ərazisində zibil qutularının az olması barədə səslənən fikirlərə münasibət bildirən V. Cavadov deyib ki, Milli Parkda 100 litrlik 25 təkərli zibil qutusu, 1000 zibil torbası mövcuddur. Hər gün iki dəfə zibillər daşınır.Qərara alınıb ki, daha 25 ədəd 100 litrlik təkərli zibil qutuları qoyulsun”,- deyə o bildirib.
Son zamanlar sosial şəbəkələrdə Göygöl Milli Parkının ərazisinin çirkləndirilməsi məsələsi güclü müzakirə obyektinə çevrilib.
A. Zeydullayeva