Bu gün Rusiyanın ali məktəblərində 13 min Azərbaycan vətəndaşı təhsil alır. Bunu Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin Rusiya ali məktəblərinə daxil olmuş tələbələrlə görüş zamanı söyləyib.
“ Onların yarısı əyani, yarısı qiyabi şöbələrdə təhsil alırlar”,- deyə o əlavə edib.
Səfirin sözlərinə görə, Rusiyada təhsil alan 13 min tələbələrin bir hissəsi xüsusi dövlət proqramı çərçivəsində Rusiyanın dövlət büdcəsi hesabına təhsil alırlar. “Siz də bu tələbələrin sırasındasınız”,- deyə V.Doroxin qeyd edib.
“Bu proqram bir neçə ildir həyata keçirilir. 2009-cu ildə bu proqram çərçivəsində Rusiyaya 123, 2010-cu ildə 192, 2011-ci ildə 141, 2012-ci ildə 138, 2013-cü ildə 139, 2014-cü ildə 165 tələbə gəlib”,- ndeyə o qeyd edib.
Diplomat deyib ki, tələbələr Rusiyada təhsil almağa qərar verməklə doğru seçim ediblər.
“ Çətinliklərə baxmayaraq, Rusiya məktəbi yüksək təhsil standartlarına cavab verməyə qadirdir”,- deyə V.Doroxin vurğulayıb.
Onun sözlərinə görə Rusiya azərbaycanlı mütəxəssislərin hazırlanması üzrə aparıcı xarici mərkəzlərdən biri olaraq qalmaqdadır. “Bir səfir olaraq mən bununla qürur duyuram və buna şadam”,- deyə o əlavə edib.
Bu gün Rusiya ali məktəblərinə 145 tələbə daxil olub. Azərbaycanlı tələbələr daha çox Moskva, Sankt-Peterburq, Həştərxan, Volqoqrad, Rostov-Don şəhərlərində oxumağa üstünlük verirlər”,- deyə diplomat qeyd edib.
V.Doroxin bildirib ki, jurnalistika , linqivistika, tarix, pedoqoji, sosialoji elmlər, iqtisadiyyat, müalicə işi, hüquq əsas seçim istiqamətləridir.
“ Seçim zamanı biz abituriyentlərin sayına deyil, biliyin keyfiyyətinə üstünlük veririk, istənilən yolla Rusiyaya ayrılan yeri doldurmaq barədə düşünmürük. Həmçinin milliyət məsələsi də prioritet təşkil etmir”,- deyə səfir qeyd edib.
O əlavə edib ki, istedada verilən dəyər Rusiya Azərbaycan münasibətlərinin xarakterinə cavab verir.
Səfir tələbələrə uğurlar arzu edərək, Rusiyada qazanılan biliklərin gələcəkdə Azərbaycanın, həmçinin Azərbaycan- Rusiya münasibətlərinin inkişafına xidmət edəcəyinə ümid etdiyini vurğulayıb.
A.Zeydullayeva