Koreyanın Qyonqcu və Azərbaycanın Qəbələ şəhərləri arasında “Dostluq münasibətlərinin qurulması haqqında” Saziş imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Sənədi Qyonqcuda səfərdə olan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Qyonqcu şəhərinin meri Çoi Yanq-şik imzalayıblar.
İmzalanma mərasimindən əvvəl keçirilən görüşdə tərəflər arasında münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksələn xətlə inkişafından məmnunluq ifadə edilib.
Sazişə əsasən, tərəflər mədəniyyət, elm, biznes, idman, gənclər sahələrində nümayəndə heyətlərinin mübadiləsi yolu ilə iki şəhər arasında dostluq münasibətlərinin qurulmasına razılaşırlar.
Bu istiqamətdə qədim İpək Yolu üzərində yerləşən hər iki şəhər iqtisadiyyat, biznes və turizm imkanlarından istifadə etməklə əlaqələrin genişlənməsinə töhfə verəcək, tarix, mədəniyyət və arxeologiya sahələri də daxil olmaqla elmi əməkdaşlığa başlayacaq, idman və gənclər istiqamətində birgə tədbirlər təşkil edəcəklər.
İ.Əhmədov