Azərbaycanda mövcud sabit ictimai-siyasi vəziyyət ölkədə azad, demokratik parlament seçkilərinin keçirilməsi üçün bütün zəruri şərait yaradır. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bəyan edib.
“Demokratik seçkilərin keçirilməsi üçün bir neçə mühüm məqamın mövcudluğu vacibdir. Birincisi, ölkədə ictimai-siyasi sabitlik təmin olunmalıdır. Bu amil olmadığı yerdə azad seçkilərin keçirilməsi mümkün deyil. Azərbaycanda ictimai-siyasi sabitlik təmin olunub”, - deyə M.Pənahov cümə günü MSK-da dairə seçki komissiyaların sədrləri üçün təşkil olunan seminarda bildirib.
Seçkilərin demokratikliyinin təminatının daja bir mühüm amili kimi MSK sədri güclü seçki qanunvericiliyin mövcudluğunu qeyd edib.
“Azərbaycanda azad seçkilərin keçirilməsini təmin edən ciddi hüquqi baza yaradılıb. Azərbaycan bütün seçkilərin demokratiya tələblərinə uyğun olaraq keçirilən demokratik dövlətdir”, - deyə M.Pənahov qeyd edib.
Onun sözlərinə görə, respublikada yerli və xarici müşahidəçilər tərəfindən azad monitorinqin aparılması üçün bütün şərait yaradılıb.
“125 seçki dairəsinin hər birində seçkilərin uğurla keçirilməsi üçün zəruri şərait yaradılıb”, - deyə MSK sədri qeyd edib.
M.Pənahov demokratik seçkilərin təminatı məqsədilə ölkənin hüquq-mühafizə orqanları arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb.
R.Babayev