Yay turizm mövsümündən keçən iki ay yarım ərzində Şamaxıya 48 mindən çox turist gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindənb məlumat verilib.
Onların təxminən 10%-i xarici turistlərdir. Turistləri təkcə Şamaxının gözəl təbiəti, zəngin flora və faunası deyil, eyni zamanda qədim tarix və mədəniyyət abidələri cəlb edir.
Müsəlman aləminin ən qədim məscidlərindən olan, bu yaxınlarda yenidən qurulan, 743-cü ilə aid Cümə məscidi, orta əsrlərə aid Gülüstan qalası, Yeddi Günbəz tarix memarlıq abidələri, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası turistlərin böyük maraq göstərdikləri yerlərdir.
Hazırda Şamaxıda 5 turizm marşrutu var və onların hər biri zənginliyi ilə diqqəti cəlb edir.
Bölgədə ümumilikdə 1000 yerlik 25 istirahət mərkəzi fəaliyyət göstərir.
Müasir standartlara cavab verən hotellərdə və istirahət mərkəzlərində turistlərə yüksək səviyyədə xidmət göstərilir
A. Zeydullayeva