“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Ro-Ro tipli “Bəstəkar Fikrət Əmirov” gəmisi əsaslı təmirdən çıxıb. Bu barədə KASPAR-ın saytında məlumat verilir.
“Bu, cari ildə “Zığ” Gəmi Təmiri Zavodunda beynəlxalq tələblərə uyğun təmir olunan sayca 22-ci gəmidir”, - deyə məlumatda qeyd olunur.
Martın 10-dan başlayan təmir işləri bütün gəmini əhatə edib. İşlər çərçivəsində gəminin 3350 kvadrat metrsualtı və 2580 kvadrat metr suüstü hissələri təmizlənərək rənglənib. Yük anbarlarında, ballast bölmələrində və s. yerlərdə korroziyaya uğramış metal təbəqələr dəyişdirilib.
Həmçinin gəminin baş və köməkçi mühərrikləri, avar valı, sükan və yardımçı sükan qurğuları, bütün nasosları əsaslı təmir olunub.
Bundan əlavə, gəminin yanğınsöndürmə, qurutma, soyutma, buxar, içməli su sistemləri də yüksək keyfiyyətlə bərpa edilib, sərnişin kayutları, gəmi heyətinin yaşayış və xidməti otaqları, sanitar-məişət yerləri təmir edilib.
“Təmirdən sonra “Bəstəkar Fikrət Əmirov” gəmisi zavodun körpüsünü tərk etdikdən sonra hər səfərdə təkərli texnika ilə yanaşı, 36 sərnişin də daşıya biləcək”, - deyə məlumatda vurğulanır.
Gəmiçiliyin balansında Ro-Ro tipli 2 gəmi var: “Bəstəkar Fikrət Əmirov” və “Bəstəkar Qara Qarayev”.
N.Abbasova