Azərbaycan alimləri Moskva Dövlət Universitetində (MDU) keçirilən “Coğrafiya, mədəniyyət və cəmiyyət dünyanın gələcəyi üçün” mövzusunda regional konfransda iştirak ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Coğrafiya İnstitutunun direktoru, akademik Ram8iz Məmmədov və bu qurumun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrua Əlizadə Moskvaya ezam ediliblər.
Konfransda akademik R.Məmmədov E.Əlizadə ilə birgə hazırladığı “Xəzər dənizi sahilləri landşaftlarının transformasiyası və onların landşaft planlaşdırılması təcrübəsi”, E.Əlizadə isə İ.Kuçinskaya və S.Quliyeva ilə birgə işlədikləri “Azərbaycanın arid landşaftlarının antropogen təsirlər altında deqradasiyası” mövzularında poster-məruzələrlə çıxış ediblər.
İGU - Beynəlxalq Coğrafiya İttifaqının Ali Şurası akademik R.Məmmədovun təqdimatından sonra 2017-ci ildə Bakıda 300-dən artıq xarici mütəxəssisin iştirakı ilə “Enerji coğrafiyası və tarazlı inkişaf” mövzusunda tematik beynəlxalq konfransın keçirilməsi qərarına gəlib.
Konfrans səmərəli müzakirələr, poster sessiyaları, plenar və tematik mühazirələr, elmi ekskursiyalar və digər maraqlı tədbirlərlə davam edib.
Rusiya Coğrafiya Cəmiyyəti, Beynəlxalq Coğrafiya İttifaqı, Moskva Dövlət Universiteti (MDU) və Rusiya Elmlər Akademiyası tərəfindən təşkil olunmuş konfransa dünyanın 60 ölkəsindən 1,5 mindən artıq alim və mütəxəssis qatılıb.
Tədbirin açılışında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamı konfrans iştirakçılarına çatdırılıb.
Konfransda mühüm problemlər müzakirə olunub, bütün dünyada coğrafiya sahəsində aparılan tədqiqatların nəticələri araşdırılıb.
A.Zeydullayeva