SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin sonuna “Neft Daşları” yatağında 1779 saylı estakadayanı meydançanın tikintisini başa çatdıracaq. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq estakadayanı meydançanın baş podratçısı “Neftqaztikinti” Trestidir. Meydança dənizin 19 metr dərinliyində yerləşdiriləcək. Obyektin tikintisini 2016-cı ilin sonuna kimi başa çatdırmaq planlaşdırılır”, - deyə məlumatda qeyd edilir.
SOCAR-ın məlumatına görə, layihə çərçivəsində Meydançada müasir qazma avadanlığı, 37 nəfərlik yaşayış bloku, qaldırıcı kranlar, korroziyadan mühafizə sistemi, minik və yanalma meydançaları, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə dizel elektrik generatorları və digər zəruri avadanlıqların quraşdırılması planlaşdırılır.
Meydança 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulub. Quyuların hər birindən sutkada 10 ton neft hasil ediləcək.
“Neft Daşları” yatağı 1949-cu ildən etibarən işlənilir.
N.Abbasova