Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri “TurAz Qartalı - 2015” birgə taktiki təlimlərinə hazırlıq məqsədilə planlı təlim-məşq uçuşları həyata keçirir. Bu barədə cümə günü Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Hərbi Hava Qüvvələrinin uçuş, mühəndis-texniki heyəti, o cümlədən bort və yerüstü xidmətlərin mütəxəssislərinin iştirakı ilə keçirilən məşqlərdə aviasiya vasitələri şərti hava döyüşlərini imitasiya etməklə müxtəlif manevrlər və bir sıra xüsusi tapşırıqları yerinə yetirir, şəxsi heyətin təlim-döyüş təcrübəsi üzrə vərdiş və bacarıqlarını təkmilləşdirirlər.
Təlim-məşqlərdə pilotlar hərəkət edən və hərəkətsiz yerüstü hədəfləri, müxtəlif obyektləri, şərti düşmənin zirehli texnikası, helikopteri, aşağı hündürlükdə və zəif sürətlə uçan hava aparatlarının aşkar edilməsi və tanınması tapşırıqlarını da icra edirlər
Öncə Müdafiə Nazirliyi məlumat verib ki, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsinin iştirakı ilə “TurAz Qartalı - 2015” taktiki təlimləri keçiriləcək.
Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi yerinə yetiriləcək.
Avqustun 22-də başlayan təlimlər sentyabrın 18-dək davam edəcək.
F.İsazadə