ABŞ Dövlət Departamenti uzun müddətə azadlıqdan məhrum edilmiş bir qrup belaruslu müxalifətçinin həbsxanadan azad edilməsini alqışlayıb. Bu barədə BBC məlumat yayıb.
Şənbə günü Belarus prezidenti Aleksandr Lukaşenko prezidentliyə eks namizəd Nikolay Statkeviç , həmçinin İqor Olineviç, Nikolay Dedka, Yevgeni Vaskoviç, Artyom Prokopenko və Yuri Rubsovun əff edilməsi haqqında fərman imzalayıb.
“ Bu altı siyasi məhbusun azad edilməsi belarus xalqının həyatındakı hadisələrdə müsbət inkişafdır və ABŞ-la münasibətlərin normallaşması yolunda vacib addımdır.”,- deyə dövlət departamentinin bəyanatında bildirilir.
ABŞ Dövlət Departamenti Minski oktyabrın 11-nə təyin edilmiş prezident seçkilərini ATƏT-in İnsan Hüquqları üzrə Demokratik İnstitutlar Bürosunun standartlarına uyğun keçirməyə çağırıb.
“ Bu addımlar Belarusiyanın ABŞ tərəfindən birmənalı və qəti şəkildə dəstəklənən suverenliyini və müstəqilliyini möhkəmləndirəcək”,- deyə Dövlət Departamentindən bildirilib.