Azərbaycanın hüquq-mühafizə orqanları narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində cənub regionunda 2 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları Biləsuvar rayonu ərazisində əvvəl mühakimə olunan Lənkəran rayon sakini Ramin Tağıyevi saxlayıblar. Onun üzərindən 8 kq marixuanma və 5,5 kq tiryəkin olduğu bağlama aşkar edilərək müsadirə olunub. İstintaq zamanı o qeyd edib ki, məlum yerdə narkotik vasitələri İran vətəndaşları gizlədiblər. Özü isə əmisi pğlu Vüsal Tağıyevin tapşırığı ilə narkotik vasitələri götürərək ona təhvil verməli idi. Bu işə görə qohumu ona 500 manat söz vermişdi.
Əlavə keçirilən əməliyyat nəticəsində həmçinin V.Tağıyev saxlanılıb. Ona məxsus “VAZ-21015” markalı avtomobildə əməliyyatçılar 3 kibrit qutusunda 15 qram marixuana aşkar ediblər.
AR CM 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.
C.Həmidov